21 Şubat 2010 Pazar

ZİYALI SÖZÜ (Müsahibə)


Əziz oxucular! “BİRLİK” İslam İnternet radiosunun “Bizim Qonaq” rubrukasının qonağı olmuş Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevlə apardığımız söhbətin mətnini sizə təqdim edirik.

-Respublikanın ziyalı simalarından biri kimi ölkəmizdə yaşanan mənəvi durumu necə qiymətləndirirsiniz?

-Mən dəfələrlə qeyd etmişəm və növbəti dəfə demək istəyirəm ki, bu gün Azərbcayanın ən böyük, hətta deyərdim faciəyə çevrilməkdə olan problemi mənəviyyat problemidir. Hazırda Milli Mənəvi dəyərlərin aşınma prosesi gedir və bu hər birimizi ağrıtmalıdır. Hər addım başı mənəviyyata olan basqılar, mənəvi dəyərlərə, əxlaqa, islami dəyərlərə yönələn təzyiqlər göz qabağındadır və əvvəllər bunu gizlətməyə çalışırdılarsa, bu gün istiqamət açıq aydın şəkildə mənəviyyatsızlığa yönəlir. Bu çox qəliz məsələdir. Əslində ölkə rəhbərliyi dərk etməlidir ki, mənəviyyat üzərində qurulmayan hər hansı bir dövlət son nəticədə məhvə məhkum olur. Hələ dünyada elə bir şey olmayıb ki, kərpici mənəviyyatdan qurulmayan bina dağılmasın. Məşhur məsəl var ki, ölkənin rifahı onun gözəl küçələri ilə, fasadlı binalarıyla, iqtisadi dirçəlişiylə ölçülmür. Ölkənin rifahı o ölkənin ləyaqətli adamlarıyla ölçülür. Bu gün təəssüf ki, Azərbaycanda ləyaqətli adamlara, mənəviyyatlı adamlara, İslam dinini qəlblərində uca tutan insalara sayğısızlıq baş alıb getməkdədir.

-Ziyalıların bu günkü vəziyyəti sizi qane edirmi?

-Mən sizin birinci sualınıza cavab verərkən orada da bəzi məsələlərə toxundum ki, ləyaqəti uca tutan insanlara münasibət necədir. Ziyalı öz xalqının vicdan daşıyıcısıdır. Onun vicdan göstəricisidir. Əgər siyasətçi onun qüdrətli timsalçısıdırsa, ziyalı onun vicdanını təcəssüm etdirən bir şəxsdir. Əvvəla onu qeyd edim ki, o cür insanlar bu gün çox azdır. Yəni bəzi ziyalılar bir çox halda öz ziyasını itirərək, bir qarın çörək üçün əyilməyə, sınmağa hər hansı orden və medal üçün öz əqidəsindən dönməyə, amalını satmağa, özü-öz vicdanına xəyanət etməyə hazırdılar. Deməzdim bu məsələ hamısına şamil edilir, ancaq bir çoxları bunu elədi. Eləmiyənlərin də maddi durumu aydın məsələdir ki, pis vəziyyətdədir. Biz həmişə deyirik ki, acından ölmək kiçik faciədir, mənəviyyatı itirmək faciə olmaqla yanaşı, çox böyük dərddir. Amma ən pis dövrlərdə belə çörəklə imtahana çəkilməmişdi ziyalılar, ancaq bu gün bu, yaşanır. Nəhayət öz əqidəsinə, Allahına, xalqına və öz vicdanına baxıb xəcalət çəkməyən çox adam qalıb. Amma bu az qalmaq o demək deyil ki, onlar gücsüzdülər. Və inanın, həmin adamların hər biri bir orduya bərabərdir bu gün.

-Biz bilirik ki, mənəvi dəyərlərimiz tarixin çox çətin sınaqlarına sinə gərərək bu günümüzə gəlib çıxıb və bu gündə mənəvi dəyərlərin xalqa təbliğində televiziya, internet, radio və qəzetlərin rolu böyükdür. Bu sahələrin müvafiq addımları yetərincədirmi?

-Əslində Siz adını çəkdiyiniz kütləvi informasiya vasitələri və elektron KİV-lərin fəaliyyəti çox qorxulu tendensiyalardan xəbər verir. Birinci növbədə televizorlarımız adlarını müstəqil qoysalar belə, müstəqil deyillər. Və nə qədər qəribə də olsa məndə belə bir hiss var ki, onlar bir nöqtədən idarə olunurlar. Mən peşəkar televiziya işçisi olduğum üçün bunu deyirəm, diqqət yetirsəniz görərsiniz ki, hətta reklam vaxtları belə bunlar tənzim olunur. Deməli, o televiziyaların koordinasiyası və koordinatorluq edənləri var.Televiziya kanallarının Azərbaycan mənəviyyatına vurduğu zərbəsinin çox illər belə sonra ağrısını çəkəcəyik.

-Televiziya işlərində inkişafdan danışmağa dəyərmi?

-Çox az danışmaq olar, o da məcburdular ki , milli mənəvi dəyərlər sistemini əhatə edən verilişlər versinlər, amma tam əksəriyyəti milli mənəvi və əxlaqi dəyərlərin əksinə olan ideologiya həyata keçirirlər. Demək buradan belə nəticəyə gəlmək olar ki, nə qədər bəsit də olsa Azərbaycanda televiziya vasitəsiylə mənəvi dəyərlərin aşınma prosesini idarə edirlər. Və bunu mənəvi soyqırım kimi də qələmə vermək olar.Fakt budur ki, bu idarə olunur və idarə olunmağı dəhşətli siptomdur, yəni mənəviyyatı aşınmaya uğrayan, əxlaqı korlanan, dəyərlər sistemi dağılan bir məmləkəti idarə etmək asandır. Bu gün mən deyərdim Azərbaycan deyilən dövlətdə məmləkət öz içərisindən deyil, kənardan idarə olunur.

-İsrail Azərbaycan münasibətləri ilə bağlı nə deyə bilərsiniz?

- İsrail Azərbaycanla həmişə stateji əməkdaşlığa çalışıb və bundan artıq Azərbaycan özü çalışıb. Və rəsmi Bakı ağlına da gətirmir ki, əqrəblə və ilanın dostluğu sonda heç də yaxşı olmur. Demək olar ki, həmişə pis olur. Və bu mənim yaralı yerimdir. İsraillə hansı dostluqdan danışa bilərik ? O İsraillə ki, öz dövləti idarə etmə üsulunda əsasən bir prioritetə diqqət verir, terorra, işğalçılığa, islamafobiyaya, irqçiliyə, bu cür dövlətlə dostluq etmək nə dərəcədə düzgündür ? Hətta İsrailin özünün içində öz ziyalıları bunu artıq dərk edib və SOS deyə qışqırırlar ki, “bu cür dövlət olmaz”, daş atıb başlarını tuturlar. Günahsız insanların qətliylə fəxr edən bir dövlətin, kütləvi qırğın silahlarından uşaqlar üçün istifadə edən bir hökumətin axırı ola bilərmi ? Yəni o sonunun əvvəlini yaşayır bu dəqiqə. Bizə bu cür ölkələrlə münasibət qurmaq utanc gətirir. Və mən tam məsuliyyətlə deyirəm ki, Azərbaycana ar olsun ki, bu cür dövlətlə dostluq edir və hər hansı bir əlaqə qurur. Heç olmasa qardaş Türkiyənin baş nazirinin münasibətini götürək. Azərbaycan bu dəqiqə başsız atlı kimidir. Əvəllər belə bir misal vardır ki, kişinin papağı olar. Belə çıxır millətin də papağı olmalıdır. Ancaq çox təssüf ki, Azərbaycan uzun illərdir ki, başına papaq əvəzinə yamaqlı şapka qoyur.

-13 fevral dindarların yürüşü zamanı polislərin hərəkəti ilə bağlı münasibətiniz necədir?

-Bu cür polis zorakılığının Azərbaycanın imicinə xələl gətirəcəyini heç veclərinə də almırlar. Milli Mənəvi dəyərlər sistemini qurmaq olmaz, Əxlaqlı davranmaq olmaz, Şəhidlərə öz ehtiramını bildirib, onu ziyarətə getmək olmaz. Bu gün ürəyi təmiz, namuslu dindarların şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin ruhu qarşısında baş əyib, onların xatirələrini uca tutmaq istəyirlərsə və onlara qarşı zor tətbiq edilirsə, bunun heç bir adı yoxdur. Olmaz! Olmaz! Olmaz! Çox təəssüf ki, “olmazların” arxasında duran nida işarəsinin yerinə polis dəyənəkləri durur. Və bu gün polislərin hərəkətlərini asayiş qorumaq yox, ancaq nadan polis xuliqanlığı adlandırmaq olar. Əslində heç mən polisləri də qınamıram, çünki, polis icraçıdır. Mən bayaq da dedim, o ölkədə ki, ədalət, qanun, mənəviyyat siyasətdən aşağıda dayanır, həmin məmləkətdə belə hadisələr olacaq. Bunlar hamısı sifarişdir və bu sifarişi nəyin bahasına olursa olsun etməlidirlər. Şəhidlər xiyabanına yol alan, əlində gül, qəlbində vətən sevgisi olan bir dindarın başına dəyənək vururlar amma, radikal siyasətçi ilə o cür hərəkət eləmirlər. Mən Azərbaycan Ziyalılar Birliyinin sədri olaraq ətrafımdakı ziyalıların adından bu hadisəni pisləyir və qəti olaraq etirazımı bildirirəm. Sən rüşvətxor ola bilərsən, sən əhaliyə zülm verə bilərsən, ac-susuz saxlaya bilərsən, amma əxlaqımıza dəymə! Mənəviyyatımızla işin olmasın! Milli mənəvi dəyərlər daşıyıcıları olan dindar qardaşlarımıza dəymə!

Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com

Hiç yorum yok:

Yorum Gönder