21 Şubat 2010 Pazar

«ATAMIN QƏBRİNƏ ZİYARƏTƏ GETMƏYƏ QORXURAM» (Tənqid)

13 fevraldan bəri bir sual məni çox düşündürür, düşüncələrimə səbəb qeyd etdiyim tarixdə əllərində əklil və gül tutaraq şəhidlər xiyabanını ziyarət etmək istəyən dindar gənclərin polis tərəfindən vəhşicəsinə döyülməsidir. Əlbəttə məncə o gənclər “təqsirkardılar” və polis də onları bu “təqsirlərinə” görə cəzalandırdı. Onların günahı və təqsiri icazəsiz ziyarət etmək yox, narkoman, əxlaqsız, alkoqolik, pozğun, iqtidarın göz yumduğu gecə klub və barlarında düşük və yüngül həyat tərzi keçirənlərdən olmamalarıdır. Onların təqsiri sağlam əqidə və düşüncəyə malik olmaları, haqq sevərlikləridir.Nə isə, mövzudan uzaqlaşmayaq, qarşıdan Novruz bayramı gəlir, bu bayram ərəfəsi, xüsusilə 20-21 martda xalqımız artıq uzun illərdir ki, bir ənənəni yaşadır. Bu ənənə əzizlərinin qəbrini ziyarətdir. Kimi atasının, kimi anasının, kimi oğul və ya qızının, yaxud da başqa bir dünyadan köçmüş əzizinin qəbrini ziyarət edir. Özü də bu ziyarətin bir özəlliyi də var, o da budur ki, xalqımız əlində gül-çiçək, səməni, bayram yer-yemişi ilə qəbir ziyarətinə gedir. Çox nadir insanlar tapılar ki, bu günlərdə dünyadan köçən əzizlərini yad etməsin. 13 fevral hadisəsindən sonra düşünürəm ki, görəsən bu novruz bayramında xalqımız əzizlərini ziyarət etməyə gedə biləcəkmi, yoxsa onları da polis yolda saxlayıb dəyənəklə, qan içində bulaşana qədər döyəcək?! Sonra da gülləri və səmənini silah və ya silaha bənzər əşya adlandırb, cinayət işi qaldıracaq. Polisin qanunsuz hərəkətinə etiraz edəndə isə polisə müqavimət və ya, polisə qarşı zorakılıq kimi qiymətləndirəcək, yenə də ikinci cinayət işini açacaq. Ziyartəçilərə də “ziyarəti şiələr edir, İran da şiədir, bəs siz elə, İranın sifarişi ilə ziyarətə gedirsiniz” deyəcək. Bax məni düşündürən bu məsələdir. Sözün düzü mən özümdə bayram ərəfsi atamın qəbrini ziyarətə getməyə qorxuram, baxmayaraq ki, atam evimizin yaxınlığındakı qəbiristanlıqda dəfn olunub. Məni düşündürən məsələni anama da söylədim və sual etdim ki, bu il atamızın qəbrini ziyarət edə biləciyikmi, yoxsa polis bunu da yürüş adlandırb, icazə verməyəcək?. Anam dedi ki, oğlum hələ bayrama bir ay var, bilmək olmaz, bəlkə Milli Məclisdə qanun qəbul edib, bunu da qadağan edəcəklər, amma sonra əlavə etdi ki, axı mən nə qoyub, nə axtarıram, bəyəm bizim polislərə hər hansı bir hərəkəti etmək üçün qanunmu lazımdır, onsuz da istədiklərini edirlər. Mən gördüm ki, deyəsən, anam da əzizlərinin qəbrini ziyarət etməyə qorxur. Kədərləndim, amma burda bir sevinc hissi də baş qaldırdı, bildim ki, kənddə yaşayan və aylarla həyətdən kənara çıxmayan anam da polislərin dindarlara qarşı zorakılığından xəbərdardır və polislərin hərəkətini pisləyir. Dedim afərin, zalımın zülmünü ifşa edənlərə afərin! Hətta ən ucqar kəndlərdə yaşayan qoca qarılar da əgər döyülən dindarı dəstəkləyir və onları döyən polisi pisləyirsə, afərin. Zalımın zülmünü ifşa etmək peyğəmbərlərə, imamlara xas olan xüsusiyyətdir. Afərin! Amma bilmirəm afərini döyülən dindarlara dedim, yoxsa döyən polislərə?!

P.S. Əziz xalqım, əgər Novruz bayramı ərəfəsi əzizlərinizin qəbrini ziyarət etməyə gedəndə polis sizi saxlasa və “bu qanunsuz aksiyadır, dağılışın desə”, muğayat olun ha, dərhal dağılışmağınız məsləhətdir, yoxsa sizi də günahsız binəva dindarların gününə salarlar. Diqqətli olun, əzizlərinizin qəbrini ziyarət etmək təhlükəlidir, döyülmək və 3 ildən 7 ilə qədər azadlıqdan məhrum edilmə təhlükəsi var.

Hacı Namiq Babaxan.
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com


Hiç yorum yok:

Yorum Gönder