
Necə deyərlər mən ağlım kəsəndən şəkər tozunu bir yeyinti ərzaq məhsulu kimi tanımışam. Tək tanımaq deyil, şəkər tozundan elə bu cür də istifadə etmişəm. Amma deyəsən həqiqətən də zəmanə dəyişib. İndi şəkər tozundan elə məsələlərdə istifadə olunur ki, adam görəndə lap heyrətə gəlir. İndi fikirləşəcəksiniz ki, bu kimdir belə oturub boş-boş danışır. Yox, əslində mənim fikrim şəkər tozundan danışmaq deyil, mənim fikrim bundan bir insanın necə istifadə etməsidir. Ötən gecə evdə oturub bir-bir telekanalları axtarıb-arayırdım ki, maraqlı və məntiqli bir veriliş tapıb baxım. Bildiyiniz kimi də bizim efir məkanımızda maşallah olsun biri-birindən “maraqlı və məntiqli” verilişlər boldur. Nə isə, bununla işim yoxdur. Bu tamam başqa bir mövzudur. Keçək əsas mətləbə. Telekanalları axtardığım zaman bir veriliş mənim diqqətimi çəkdi. Əslində veriliş yox, orada qonaq qismində iştirak edən iki insan mənim diqqətimi çəkdi. Həmin o iki nəfər ki, onlar iddia edirlər ki, onlara verilən “ilahi bir gücün” köməkliyi ilə onlar istənilən bir insanın gələcək taleyini görürlər. Hətta bu azmış kimi onlar həmin insanın gələcək taleyini dəyişmək gücünə də malikdirlər. Ən maraqlısı isə həmin şəxslərin kiminsə taleyini qabacadan görməyi və ya dəyişdirməyi hansı vasitə ilə etməsidir. Deməli sözü gedən bu iki şəxsdən biri öncədən görməni hamımızın çox yaxşı tanıdığımız şəkər tozu vasitəsi ilə həyata keçirməsidir. Bu insan balaca bir qabda olan şəkər tozu vasitəsi ilə istənilən insanın gələcək taleyini görür və bunu dəyişdirir. Deyirəm əcəba, nə gözəl. Səhər-axşam külüng vurub bir tikə çörək pulu qazanmaqdansa, bir kisə şəkər tozu al və evdə oturub başla pul qazanmağa. Əhsən vallah. Millət bu ruzinin bir qaşığından ötəri necə deyərlər, Allah evinə gedir, amma bu insan bu neməti yerə-yurda səpməklə məşğuldur. Adını da qoyur ki, guya o, bu cür kiməsə köməklik edir. Elə həmin verilişdə bir nəfər şəxs bu “öncə görənə” yaxınlaşıb səhhətində problem olduğunu söylədi və ondan kömək istədi. “Öncə görən” insan şəkər tozu vasitəsi ilə bu insanı müayinə etdikdən sonra bildirdi ki, ona müraciət edən şəxsin qara ciyərində müəyyən problemlər var. Orada nələr baş verdi, onu demək fikrim yoxdur. Bircə onu deyə bilərəm ki, sonradan məlum oldu ki, xəstə adı ilə bu baxıcıya yaxınlaşan şəxsin səhhətində heç bir xəstəlik filan yoxdur. Əksinə həmin şəxs olduqca sağlam insan olduğunu vurğuladı. Mən heç təəccüblənmirəm də. Şəkər tozu ilə qoyulan diaqnozun sonu elə belə bitməlidir. Bu verilişdə maraqlı faktlardan da biri bir az əvvəl dediyim kimi bu verilişdə iştirak edən iki “baxıcının” bir-biriləri ilə yola getməməsi oldu. Buna səbəb isə onlardan birinin şəkər tozu, digərinin isə su ilə baxması oldu. Yəni bir -birilərinin metodlarını qəbul etməmələri oldu. Elə burada ağlıma bir fikir gəldi. Deyirəm bəlkə bu “baxıcılar” öz“metodlarını” tənqid etməkdənsə, birləşib bir yerdə çalışsınlar. Axı şəkər tozu ilə suyu qarışdıranda çox gözəl şərbət alınır. Məncə bu cür daha effektli alınar. Elə su demişkən, indi istəyirəm sözü gedən verilişdə iştirak edən digər bir “baxıcıdan” danışım. Həmin bu xanım öz “sənətində” o qədər məşhurdur ki, hətta ona Türkiyənin yetərincə tanınmış şou biznes nümayəndələri də müraciət edirlər. Hər halda bunu öz Türkiyə səfərindən ağız dolusu danışan “öncə görən” xanım belə deyir. Məsələn bu xanım bildirdi ki, o Türkiyədə olarkən Türkiyənin tanınmış sənətçisi olan Özcan Dənizin bir itkisi ilə bağlı ona müraciət etməsi sonda müsbət nəticə ilə tamamlanıb. Yəni bu xanım Özcan Dənizin itkisini taparaq yenidən ona qaytarıb. Elə bu səbəbdən də Özcan Dəniz onunla bir xatirə şəkli çəkdirmək xahişi də edib. Hələ bu harasıdır. Bu gün bütün dünyada böyük rezonansa səbəb olan Kurdlar Vadisi filmində bütün dünyaya meydan oxuyan və bu filmin baş qəhrəmanı Polat Alemdar adı ilə tanınmış Necati Şaşmaz da hansısa bir məsələdə ona yardımçı olmaq üçün bu xanımdan xahiş edib. Nə deyim vallah. Deməyə söz də tapa bilmirəm. Burda bir atalar sözü lap yerinə düşər. Deyir utanmasan oynamağa nə var ki. Bir az dərindən fikirləşəndə görürsən ki, həqiqətən də bu belədir. Bunlar elə fikirləşirlər ki, öz lazımsız əməlləri ilə milləti aldada biləcəklər. Amma yox. Bunlar yalnız və yalnız özü-özlərini aldatmaqla məşğuldurlar. Sonda isə fikrimi Uca Tanrının biz bəndələrinə göndərdiyi Quranı Kərimdən olan bir ayə ilə tamamlamaq istəyirəm. Fələq surəsi dördüncü ayə. “İlahi iplərə düyün vuran qadınların şərindən sənə sığınıram.”
CAVİD UMUDLU
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com
CAVİD UMUDLU
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com
Hiç yorum yok:
Yorum Gönder