10 Mart 2010 Çarşamba

Qulaqburması (Köşə yazısı)


Qulaq insan orqanizminin eşidən üzvüdür. Əlbəttə, bu müddəanın şərhə ehtiyacı yoxdur. Qulağın vəzifəsi haqqı eşitmək və qəlbən ona iman gətirməkdir. Bəzən qulaq batil də eşidə bilər, amma gərəkdir ki, bu batil, əqidəsinə təsir etməsin. Çox belə şeylər eşidirik – İslamo-faşizm, antisemitizm və s. Əlbəttə ki, İslamı faşizmlə əlaqələndirənlərin özləri faşist və nasistirlər. Antisemitizm də İsrail rejiminin özününküləşdirərək istifadə etdiyi termindir ki, əvvəllər bunun batil olmasını dəfələrlə şərh etmişik. Lakin bəzən gözəl sözlərdən istifadə edərək xalqı azdırırlar. Mənim bu gün toxunmaq istədiyim də məhz bu məsələdir. Məsələn: “Bu gün İmam Sadiq dövrüdür, məscidlər sökülsə belə etiraz etmək səhvdir”. Və ya: “Maarriflənmə dövrüdür, şüar vermək zamanı deyil” və s. Bəli, biz də bu cümlələrin əvvəlini qismən qəbul edirik, amma...“Amma”sı budur ki, “sözü deyərkən kimlərinsə bostanına daş atılması mömin qardaşlara xəyanət deyilmi?” sualı ortaya gəlir. Və yaxud tarixdə İmam Sadiq (ə)-ın qapısı yandırılmasından niyə danışmırsız? , ey bu misalları tez-tez bizlərə xatırladanlar, qapınız bir dəfə olsun yandırıldımı? Və ya “maarif” deyəndə maaarifin içində nəhyəzmünkəri yaddan çıxardınızmı? Allah evinin dağıdılması, hicabla pasportların alınmasındakı əngəl, azan qadağasına cəhd, lap elə möminlərə böhtan, onların qeybəti, məscid bağlananda sevinmək - bunlar balaca işlər deyil axı! Bu pis işləri həyata keçirənlərə bu işin pisliyini başa saldınızmı? Bəzən gündəmdə qalmaq və özünü söz sahibi kimi cəmiyyətə sırımaq istəyənlər də tapılır. Böyük təşkilatları hədəfə alır, onların səhv yolda olduğunu bildirir. Belələri “sapı özümüzdən olan balta”lardan heç də fərqlənmir. Çünki qızıl breloklu bu hacılar nə qədər özlərini böyük şəxsiyyət göstərmək istəsələr də, əslində dünya malına necə aldandıqları göz qabağındadır. Möminlərə “uşaq, elmsiz” və s. adı qoyanda özlərinin uşaq olmalarını niyə anlamadılar? Axı Quran dünyanı oyun-oyuncaq adlandırır, bu baxımdan “mənim maşınım, mənim cariyəm, mənim ayaqqabım” sözləri uşaqlıq deyilmi? Və ya kiməsə “elmsiz” adı qoyanda bu sözlərin təkəbbürdən irəli gəlməsini niyə düşünmürlər? Axı elmi çox olanın təvazösü də çox olmalıdır. Elm təvazökarlıqla düz müntanasiblik təşkil edir axı! Məgər insanı təkəbbürlü olmaqdan çəkindirən elm deyil? Və ya Şeytanın təkəbbür etdiyinə görə Allahın dərgahından qovulmasını bu “elmli” şəxslər bilmirlər?Arada dedi-qodu edənlərə də rast gəlirik. Qulaqlarımız birbaşa eşidir, “çerez-çerez” yox. “Filankəslər” belə eləməsəydilər, əllərində olanı itirməzdilər. Bir neçə il əvvəl haqq sözü dediyinə görə yaxından tanıdığımız qardaşlardan birini hədəfə alanlar, indi bu “filankəslər”i hədəfə alıblar. Ancaq bizim nəzərimizdə haqqı deyib nəyisə itirmək, susub çayxana və saunaların “daimi klienti” olmaqdan daha yaxşıdır. O qardaş kimi təqdim etdiyimiz isə çox keçmədi ki, “filan yerin” bağlanmasına sevinənləri məyus etdi. Ey indi “sevincək düşənlər”! Çox keçməz ki, nəzərinizdə “əllərində olanı itirənlər” sizi yenə məyus edərlər. Bir də ki, unutmayın: bu dünyada hər nə olursa, Allahdan xəbərsiz olmur. Bu dünya bir sınaqdır. Kimi sınaq anında qızıl breloku seçir, kimi də “Allaha təvəkkül” deyib Quran, Peyğəmbər (s) və Əhli-Beytin (ə) göstərişlərinə əməl edir, sonrasını isə Allaha buraxır...Deyəsən, çox üstü örtülü danışdım. Nə isə. Qulağınızı çalışın heç kimin əlinə verməyin. Yavaş-yavaş burub əyri edərlər. “Əyri qulaq”lar isə hər şeyi əyri eşidər, möminlər arasında fitnə salarlar. Allah bizi hər şeyi əyri eşidənlərin şərindən qorusun!

Ramin Bayramov
İslam-Azeri.az internet qəzetinin baş redaktoru
"İslam-Azeri" qəzeti
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com


Hiç yorum yok:

Yorum Gönder