Bismillahir- Rəhmanir- Rəhim. Bu gün bir çox insanların qəlbini bağlayan və bizləri cəhənnəmə sürükləyən "Nəfs" barədə danışmaq istəyirəm. Bəzən insanlar cəhənnəmin olduğunu çox kamil və qəti surətdə bildikləri halda yenə də nəfsin qulu olurlar. Amma bilmək lazımdır ki, nəfs bizim ən böyük düşmənimizdir. Daim əql ilə mübarizə aparır. O, şeytanın vəsvəsələrindən ilham alıb öz ordusu ilə əqlə hücum edir ki, onun nurunu söndürsün və ona qalib gəlsin. Əsas məqsədi də bundan ibarətdir ki, mələkləri nəfs ölkəsindən çıxarıb onu işğal etsin və kamil şəkildə şeytanların ixtiyarına versin. Çoxlu üzr gətirən və bəhanə axtaran bu düşməni məğlub etmək o qədər də asan iş deyildir. Bu iş üçün tam qətiyyətli olmaq, güclü müqavimət göstərmək, hətta cihad aparmaq belə lazım gəlir. Özü də bir- iki dəfə deyil, bir- iki gün, yaxud bir- iki il deyil, insan ömrünün axırına kimi davam etməli bir cihaddan, mübarizələrdən ibarətdir. Nəfsin və onun istəklərinin cilovlanması, qərizələrin nəzarət altına alınması üçün çox ciddi mübarizə aparmalıyıq. Peyğəmbər Rəsuli Əkrəmdən (s) və məsum İmamlardan və onların fərmanlarından ilham almalı, əqlə və onun qoşununa kömək etməli, nəfsani təcavüzlərin və yersiz əməllərin qarşısını almalı, müqavimət göstərib onun ordusunun kökünü kəsməliyik ki, əql bədən ölkəsinə hakim olsun, şəriət göstərişlərindən ilham almaqla bizi insaniyyətin kamal yolunda qərar versin, və Allah dərgahına yaxınlaşdırsın. Nəfslə heç vaxt sülh və saziş etmək olmaz və onu məğlub edincəyə qədər və öz yerinə oturduncaya qədər, həmişə onunla mübarizə aparmalıyıq ki, özünün hiyləgərlik işlərindən əl çəksin. Səadətə çatmaq üçün bundan başqa yol yoxdur. Buna görə də nəfslə mübarizə barəsində olan hədislərdə " Nəfs ilə cihad " ifadəsi gözə dəyir. Nümunə olaraq Əmirəlmöminin Əliyyibni Əbutalibin kəlamlarından sizlərə çatdırmaq istəyirəm. Həzrət buyurur " Cihadı davam etdirməklə öz nəfsinizə hakim kəsilin ". Yenə buyurur "Nəfsin istəklərinə, həvayi-nəfsə qalib gəlin və onunla mübarizə edin. Çünki əgər o sizi zəncirə çəkə bilsə həlakətin ən alçaq dərəcələrinə sürükləyəcəkdir ". Yenə buyurur " Aqil o kəsdir ki, öz nəfsi ilə mübarizədə olsun-cihadla məşğul olsun, onu islah etsin, həvəslərdən və ləzzətpərəstlikdən saxlasın, bunun vasitəsi ilə onu cilovlasın və öz nəzarəti altına salsın. Həqiqətən ağıllı və aqil insan öz nəfsinin islahı ilə o qədər məşğuldur ki, dünyaya, onda olanlara və dünya əhlinə diqqət yetirməz." Nəfs ilə cihad müqəddəratı həll edən mühüm bir mübarizədir. Belə ki, necə yaşamağımız, dünya və axirətdə necə olmağımız, hətta bizim nə olmağımız belə ona bağlıdır. Əgər biz cihadla nəfsimizi məğlub etməsək, onu cilovlamasaq o bizi məğlub edərək istədiyi tərəfə sürükləyəcəkdir. Əgər biz onu nəzarət altına almasaq, o bizi əsir və özünə qul edəcəkdir. Əgər biz onu gözəl əxlaqlara və gözəl davranışlara vadar etməsək o bizi çirkin işlərə və yaramaz hərəkətlərə vadar edəcəkdir. Deməli nəfs ilə cihad Allah dərgahına seyr edənlərin öhdəsinə qoyulan ən mühüm və çətin vəzifədir. İnsan bu yolda nə qədər qüvvə sərf etsə, yenə də dəyərlidir. Nəfslə cihadın çox çətin olmasına, müqavimət, səbr, ardıcıl nəzarət və ayıqlığı tələb etməsinə baxmayaraq hər bir halda mümkün və insanın səadəti üçün tam zəruri bir işdir. Əgər insan bu məqsədlə qəti bir qərara gəlib işə başlasa Allah tərəfindən də köməklər gələcəkdir. Müqəddəs Qurani Kərimdə Allah mütəal belə vəd verir " O kəslər ki, bizim yolumuzda cihad edərlər, biz onları öz yolumuza hidayət edib onlara yol göstərərik". Ümumiyyətlə cihad ilə nəfs eyni ilə silahlı cihad kimidir. Düşmənə nə qədər zərbə vurulsa və ordu vasitəsi ilə səngərlər nə qədər fəth edilsə düşmən də həmin miqdarda zəifləyəcək, cihad edənin ordusu bir o qədər güclənəcək və sonrakı zərbələrə, fəthlərə hazır olacaqdır. Elə isə ey əziz bacı və qardaşlarım. Sizi öz nəfsinizlə mübarizəyə, cihada səsləyirəm. Vallah bir addımımızı nəfs və yersiz istəklərimizə qoysaq, ikinci addım bizi Allahın rəhmətinə qovuşduracaqdır. Allah bizlərə elə iradə, elə güc versin ki, bütün ömrümüz boyu öz nəfsimizlə mübarizə aparanlardan olaq. Amin ya Rəbbəl Aləmin ! Nəzər Pənahlı
BİRLİK İnformasiya Agentliyi (www.birlik.az, www.birlik.ws)
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder