3 Nisan 2010 Cumartesi

İSRAİLİ KİM ÇÖKDÜRÜR? (Siyasət)

Yaxın Şərqdə yeni siyasi vəziyyət artıq reallığa çevrildi. Türkiyə ilə Israil arasında baş verən ziddiyyətlərin nəticəsi elan olundu. Bu elanı Israilin müdafiə naziri Ehud Barak jurnalistlərlə görüşdə təsadüfi sayılmayan bir suala cavabında dilə gətirib. Israilli nazir belə hesab edir ki, Türkiyənin Yaxın Şərq məsələsinə müdaxiləsi böyük güclərin iradəsinə zidd olsa da, bu proses ciddi nəticələr verib və Israil dövləti bu coğrafiyada artıq Qərb sivilizasiyasının təmsilçisi kimi diqqəti cəlb etmir. Bu açıqlamanın ardını nazir Barak CAR-da vaxtilə devrilmiş Qərbmeylli rejimi misal çəkməklə gətirib. O bildirib ki, artıq Israil bu regionda Qərbə lazım deyil, ya da belə təəssüratlar yaradan vəziyyət var.Qeyd edək ki, Israildə son parlament seçkilərindən öncə Tsipi Livni, Ehud Olmert və Ehud Barakın başçılıq etdikləri partiyalar Qəzza bölgəsinə silahlı hücumları gücləndirmək və sülh prosesinə mane olmaq istiqamətində gərginliyi artırmaq yarışına girdilər. Buna cavab olaraq Türkiyə aktiv müdaxilə etdi və belə bir nəticə yarandı. Indiki halda Israil Yaxın Şərqdə ən nüfuzlu dövlət olmaq statusunu itirib, üstəlik, özünün bundan sonrakı vəziyyəti də sual altındadır. Bu məsələdə Türkiyə ilə qarşıdurma tək səbəb deyil, Israil ifadə etmək istəməsə də, Qərbi Avropanın Britaniya kimi nəhəngi ilə onun münasibətləri gərginləşib. Üstəlik, Avstraliya ilə də diplomatik qalmaqal var və bu faktorlar Israil üçün iqtisadi böhran yarada bilər. Biz isə Israilin Qərblə münasibətlərinin gərginləşməsinin köklərini araşdırmağa cəhd edək. Eyni zamanda ABŞ-ın Iran siyasətində xüsusi saydığımız detallara aydınlıq gətirməyə çalışaq.Britaniya Israil diplomatını qovursa…Bütün məqamları Türkiyənin Yaxın Şərqdə aktivləşməsi ilə əlaqələndirmək təbii, böyük yanlışlıq olardı. Burada əsas məqam odur ki, illərdir Türkiyənin etdiyi cəhd niyə indiki məqamda baş tutdu. Yəni Yaxın Şərqdə sülhün vacibliyi şərtdən tələbə çevrildi… Aydın məsələdir ki, Fələstin muxtariyyətinin özünüqoruma instinktinin altında pərdələnən terrorçu qruplar da, Israil rəsmi dairələri də bu sülhün baş tutmaması üçün çalışmaqdadırlar. Amma başlıca irəliləyiş odur ki, Türkiyə heç kimin marağından çıxış etmədiyini sübuta yetirə bilib. Yəni Israilin vəziyyətinin gərginləşməsində Türkiyə barmağı axtarmaq o qədər də doğru deyil. Baxmayaraq ki, rəsmi Təl-Əviv dəfələrlə Ankaranı ittiham edib və bu ölkənin səfirinə qarşı təhqirə də əl atıb.Hesab edirik ki, belə bir vəziyyətin yaranmasında Israilin öz siyasəti daha aktiv rol oynayıb. Birincisi ona görə ki, Israil nəinki Britaniyanın, hətta ABŞ-ın ən yüksək səviyyədə çağırışlarına məhəl qoymadı. Qüdslə bağlı BMT-nin məlum qərarını nəzərə almadı, Fələstin dövlətinin yaradılmasına imkan verməklə bağlı çağırışlara qulaq asmadı. Üstəlik, Həmas liderinə qarşı Dubayda həyata keçirilmiş qətl hadisəsinin arxasından Israilin rəsmi kəşfiyyat orqanı olan MOSSAD çıxdı. Amma iş bununla da qalmadı, məlum oldu ki, MOSSAD agentləri olan qatillər üçün Britaniya vətəndaşı pasportları düzəldilib. Saxtalaşdırmanı da elə bu kəşfiyyat orqanı həyata keçirib. Bu saxtalaşdırma Avstraliyaya qarşı da baş verib. Britaniya xarici işlər naziri Israilin bu ölkədəki diplomatının da MOSSAD-ın əməkdaşı olması barədə məlumatı cəmiyyətə birbaşa çatdırdı və məlum şəxs ölkədən qovuldu.Bundan başqa, ABŞ prezidenti Obama Israil rəsmilərinə Qəzzada qanunsuz tikintiləri dayandırmaqla bağlı çağırışlar etdi və bu səslənişlər də nəticəsiz qaldı. Hətta, ABŞ vitse-prezidenti Cozef Bayden Təl-Əviv unversitetində Fələstin dövlətinin yaradılmasının qeyd-şərtsiz vacibliyini bildirsə də, ABŞ-ın Israildən imtina etmək fikrində olmadığını bəyan etsə də, rəsmi Təl-Əviv xəbərdarlığı və jesti nəzərə almadı. Hazırkı vəziyyətin başlıca səbəblərindən biri Israil hökumətinin dünya birliyi ilə hesablaşmaması oldu.Yeri gəlmişkən, Azərbaycan hakimiyyəti də bu vəziyyətdən müəyyən nəticələr çıxarsa, yaxşı olar. Düzdür, Azərbaycanda hazırkı vəziyyəti aşkar ifadə edəcək məmur olmasa da, dünya birliyi ilə hesablaşmamaq siyasətinin nə ilə nəticələndiyini gözdən keçirmək pis olmazdı.Hanı sionist rejim? ABŞ-ın Iran siyasəti, daha doğrusu Yaxın Şərq siyasəti tamam maraqlı bir detalla diqqəti cəlb etməkdədir. Etiraf etmək lazımdır ki, ABŞ-Iran arasında illərdir davam edən ideoloji qarşıdurma indi iqtisadi sanksiyalar müstəvisinə keçməklə daha kəskin xarakter alıb. Amma Obama hakimiyyətinə kimi Iran bütün ABŞ rəsmilərini sionizmdə ittiham edirdi. ABŞ hakimiyyətlərinin Israilə xüsusi diqqəti də belə fikirlərin Islam dünyasında genişlənməsinə və antiamerikan ovqatın bərkiməsinə səbəb olurdu.Son raundda baş verənlər tamam başqa müstəviyə keçdi. ABŞ eyni zamanda Israilə yerini göstərmək siyasətini gücləndirdi və heç kimin ərköyünlük etmək statusunu tanımadığını ortaya qoydu. Üstəlik, Fələstin muxtariyyətinin müstəqil Fələstin dövlətinə çevrilməsi istiqamətində kəskin və birmənalı mövqeyini ortaya qoymaqla, Türkiyəyə regional siyasətində dəstək verməsi ilə Irana qarşı baş verənlərin dini kontekstdə şərh olunmasını minimuma endirə bildi. Indi demək olar ki, “sionist rejim” anlayışı təkrarlanmır və bunun üçün heç bir faktiki əsas da yoxdur. Belə qənaətə gəlirik ki, ABŞ Irana və Israilə “eyni məsafə” siyasətini həyata keçirməsə də, Israillə də əvvəlki məsafəni saxlamır və Təl-Əviv Vaşinqtondan xeyli uzaqlaşıb.

Birlik
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com

Hiç yorum yok:

Yorum Gönder