Bizim ölkədə təzadlı hadisələr çoxdur desəm yanılmaram. Hər gün bir-birindən qəribə hadisələrlə rastlaşırsan. Hətta elə məqamlara rast gəlirsən ki, lap mat-məəttəl qalırsan. Nə isə, çox danışmaq istəmirəm. Necə deyərlər keçək mətləbə. İndi sizə təqdim edəcəyim məsələ də bu qəribə məqamlardan biridir. Belə, bir neçə gün bundan öncə dövlətimizin bizə ayırdığı bayram günlərindən istifadə edərək gəzmək üçün bir neçə rayonlara üz tutduq. Gəzib dolaşdığımız rayonlarda rastlaşdığım maraqlı məqamlar heç də az olmadı. Bu maraqlı məqamlardan bir ilə də Sabirabad rayonunda rastlaşdıq. Bu rayonda olarkən orada yaşayan tanışların təklifi ilə yazın bu gəlhagəlində, oyanmaqda olan təbiətin gözəlliklərini seyr etmək üçün rayonun əkin sahələrindən birinə üz tutduq. Xatırladım ki, bu əkin sahələri rayonun yaşayış yerlərindən aralıda yerləşirdi. Düzünü desəm bu gəzinti mənə çox xoş bir təəssürat bağışladı. Niyə də yox. Səs-küylü paytaxtdan sakit bir təbiət guşəsinə, yaşıllıqlarla dolu bir mənzərəyə tamaşa edəndə istər-istəməz özündə izah olunmaz bir rahatlıq tapırsan. Nə isə xoş duyğulara qapılıb mətləbdən uzaqlaşmayaq. Kənd həyatında əkin-biçin vaxtının başlanması ilə əlaqədar kəndlilər necə deyərlər artıq öz postlarını tutmuşdular. Kimisi yerini şumlayır, kimisi əkir, kimisi də əkdiyi məhsulunu sulamaq istəyir. Bəli, düz başa düşdünüz, sulamaq istəyir. Lakin çox təəssüflər olsun elə bu, bir arzu olaraq kəndlilərin ürəyində qalır. Yəni bu gün bütün dünyanı sel-su yuyub apardığı bir vaxtda bu kəndlilər böyük əzab-əziyyətlə əkib becərdikləri məhsullarını sulamaq üçün su tapa bilmirlər. Maraqlısı da elə budur ki, söhbət elədiyim kənd Azərbaycanın ən böyük çayı olan Kür çayının sahilində yerləşir. Həmin bu kənd ki, onun adı İşıqsalahlı kəndidir. Bu kəndin həmin ərazidə gecə-gündüz çalışan kəndliləri ilə bir balaca söhbət etdik. Söhbət əsnasında məlum oldu ki, bu kəndin sakinlərini qazanc mənbəyi əkin-biçindir. Yəni bu zavallı kəndlilər gecə gündüz əlləşib-vuruşurlar ki, yaşamaları üçün ruzi əldə etsinlər. Amma belə getsə onların ruziləri şübhə altında qalır. Çünki onların zəhmət çəkmələrinə baxmayaraq əkdikləri sahələr bu il susuzluq ucbatından necə deyərlər yanıb külə dönür. Bunun başqa bir yolu da yoxdur. Çünki istənilən bitkini bitirib ərsəyə gətirmək üçün ona mütləq su lazımdır. Su da yoxdur. Deməli məhsul da yoxdur. Əgər məhsul yoxdursa, deməli, dolanışıq da yoxdur. Maraqlıdır, bəs bun zavallı kəndlilər nə ilə dolanmalıdır. Kəndlilərlə susuzluqla bağlı söhbət zamanı maraqlı bir məqam ortaya çıxdı. Belə ki, bir az əvvəl qeyd etdiyim kimi bu kənd Kür çayının sahilində yerləşir. Ən maraqlısı da odur ki, kəndlilər qeyd edirlər ki, hal-hazırda Kür çayında suyun səviyyəsi həddindən çox qalxıb. Hətta çay daşmaq məqamına çatıb. Bununla əlaqədar çay daşıb öz məcrasından çıxmasın deyə, çayın kənd ərazisindən keçən hissəsində bənd vurma işləri aparılır. Amma buna baxmayaraq kənd sakinləri qeyd etdilər ki, çayda suyun qalxması ilə əlaqədar kənd ərazisini 30-40 faizi zinə suyunun altındadır. İndi siz fikirləşin, bu qəribədir, ya yox. Necə olur ki, kəndin içindən Azərbaycanın ən böyük çaylarından olan bir çay keçsin və bu çayda suyun səviyyəsinin artması ilə əlaqədar kəndin demək olar ki, yarısı zinə suyu altında qalsın, amma kənd sakinləri öz əkin sahələrini suvarmaq üçün su tapmasınlar. Qəribədir, deyilmi? Bəli, ilk baxışdan çox qəribə görünür. Amma kəndlilər bu qəribləyin də sirrini açdılar. Bayaqdan bizə qəribə görünən bu məsələnin sirri əslində çox sadə imiş. Bəs nədir bunun sirri? Demək kənd ərazisindəki əkin sahələrini suvarmaq üçün çəkilən kəndin baş suvarma kanalına bu çaydan su quraşdırılmış xüsusi su nasosları vasitəsi ilə həyata ötürülür. Yəni bu su nasosları vasitəsi ilə Kür çayından həmin baş kanala su vurulur və bu kanal vasitəsi ilə də kəndin əkin sahələri suvarılır. Həmin sözü gedən bu nasoslar da elektrik cərəyanı vasitəsi ilə işləyir. Yəni kəndlilərin dili ilə desək kənddə işıq olmadısa bu nasoslar da işləmir. Bax elə məsələnin əsas tərəfi budur. Yəni Sabirabad Raypnunun elektrik idarəsindən bu nasoslara vaxtaşırı elektrik verilməməsi nəticəsində su nasosları işləmir və bunun müqabilində də lazım olunan miqdarda adı çəkilən kanala su vurulmur. Sonda isə yenə də əziyyət çəkən zavallı kəndlilər olur. “Bunun üçün bir lazımı instansiyalara müraciət etmisiniz”, deyə kəndlilərə müraciət etdikdə kəndlilər maraqlı bir baş vermiş hadisə də danışdılar. Demək bir gün kəndə hay salırlar ki, bəs rayonun icra başçısı sabah kədlilərlə görüşüb onların problemlərini həll etmək üçün bu kəndə gələcək. Elə belə də olur. İcra başçısının kəndlilərlə görüşü kənddə yerləşən bir məktəbdə baş verir. Bu görüşdə nədən danışılır, nələr baş verir onunla işim yox. Maraqlısı budur ki, görüş zamanı bir kənd ağsaqqalı ayağa qalxaraq söz deməyə icazə üçün müraciət edir. Kənd camaatı vurğulayır ki, Həqiqətən də bu ağsaqqala böyük hörmət və ehtiramla söz verib onu dinləyirlər. Ağsaqqal da üzünü rayonun başçısına tutaraq qeyd edir ki, onların dolanışığı bu torpaqladır. Su olmadığına görə də bu torpaqlarda heç nə əkib becərmək mümkün deyil. Elə bu səbəbdən ağsaqqal rayonun icra başçısından bu məsələdə onlara yardımçı olmağını xahiş edir. Ağsaqqalın rayon rəhbəri tərəfindən bu xahişə aldığı cavab isə çox qısa olur. “Ağsaqqal, sən bilmirsən ki, ha bu işıq məsələsi bizlik deyil”. Bu sözləri eşidən ağsaqqal da üzünü ora toplaşan kənd camaatına tutaraq deyir: “Əgər rayon rəhbəri də bizim bu su problemimizi həll edə bilmirsə onda biz nə üçün bura toplaşmışıq. ” Elə bu sözdən də sonra həmin görüş başa çatır. İndi bu zavallı kəndlilər dərdini kimə desin axı. Məgər bu nasoslara elektrikin verilməsi bu kəndlilərin vəzifəsidirmi? Yox, əgər belə deyilsə bəs onda nə üçün lazımi orqanlar bu işə bir əncam çəkmir. Bəlkə elə bu cür səhlənkar yanaşmalar nəticəsində Kür çayında suyun səviyyəsi bu qədər artır. Məgər bu kəndlilər yazıq deyilmi? Bəs bunlar nə ilə dolansın. Heç olmasa Allahınızdan qorxub bu qarşısını ala bilmədiyiniz sudan bu zavallı kəndlilərə də verin. Hər halda yezid də bunu etməz.
Cavid Umudlu
BİRLİK
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com